Qiymətləndirmə Monitorinq Konsaltinq
20 Oktyabr, 2017, Cümə 14:04
Biznes fəaliyyəti

“ƏMLAK EKSPERT MƏRKƏZİ”-nin qiymətləndirmə sahəsində göstərdiyi xidmət növlərindən biri də biznes fəaliyyətinin qiymətləndirilməsidir.

 

Azərbaycan Respublikasında azad bazar münasibətlərinə əsaslanan milli iqtisadiyyatın təşəkkülü və inkişafı ilə yanaşı bir sıra yeni fəaliyyət növləri, o cümlədən qiymətləndirmə fəaliyyəti meydana gəlmişdir. Dövlət əmlakın özəlləşdirilməsi, fond bazarının və sığorta sisteminin inkişafı, əmlakın girov qoyulmasına görə kommersiya bankları tərəfindən kredit verilməsinə keçid müəssisəsinin (biznesin) dəyərinin qiymətləndirilməsini zəruriyyətə çevirmişdir.

Əvvəla biznesin qiymətləndirilməsi, hüquqi şəxs kimi müəssisənin dəyərinin müəyyənləşdirilməsini ifadə edir. İkincisi, biznesin qiymətləndirilməsi müəssisənin gələcəkdə gəlir (mənfəət) alınmasına imkan verən mülkiyyət hüququnun texnologiyanın, rəqabət qabiliyyətinin, material və qeyri-maddi aktivlərinin aşkarlanması, aydınlaşdırılması deməkdir.

Müəssisənin (biznesin) dəyərinin qiymətləndirilməsi müəssisə kapitalının bazar dəyərinin müəyyənləşdirilməsi prosesidir. Daha doğrusu, biznesin qiymətləndirilməsi müəssisənin dəyərinin, yaxud onun kapitalında səhmdarların payının müəyyənləşdirilməsi prosesidir. İnnovasiya-investisiya fəaliyyətini, müəssisənin bazar dəyərini (müəssisə səhmlərinin dəyərini) və müəssisənin satış qiymətini müəyyənləşdirmək, sabit fəaliyyət göstərən müəssisəni sıgortalamaq üçün biznesin qiymətləndirilməsi vacibdir. Son illər respublikamızda geniş   miqyasda iqtisadi islahatların aparılması və sahibkarlıq fəaliyyəti   ilə məşğul olan özəl təsərrüfat subyektlərinin intensiv inkişaf etdirilməsi kapitalın qiymətləndirilməsinə təlabatı xeyli artırmışdır.

Qiymətləndirmə fəaliyyəti başa çatdıqdan sonra alınan nəticənin doğruluğunu yoxlamaq üçün biznesin qiymətləndirilməsinin müxtəlif üsullarından istifada edilir. Əgər bu tələb nəzərə alınmazsa, qiymətləndirmə üzrə aparılan işin nəticəsi səhv ola bilər, yəni:

yalnız müəssisənin yaradılmasına çəkilən xərclərin dəyərinin birbaşa hesablanması üsulu ilə qiymətləndirmənin aparılması təkcə həmin xərcləri qiymətləndirməyə imkan verir. Dövlət bu qiymətlə obyekti satdıqda gələcəkdə alınacaq gəlirdən məhrum olur;

yalnız gələcək gəlirin hesablanması üsulu ilə biznesin qiymətləndirilməsi üzrə aparılan işin nəticəsi də səhv ola bilər. Çünki, investor qoyduğu sərmayənin maliyyə nəticələrinə yekun vurarkən, bir qayda olaraq, həmin maliyyə nəticəsinə nail olmaq üçün sərf edilən məsrəfləri nəzərə almır.

Biznesin qiymətləndirilməsi prosesində tətbiq edilən metodlar onun aparlması məqsədi və səbəblərindən bilavasitə asılıdır. Nə qədər ki, dəyər müxtəlif üsullarla qiymətləndiriləcək, qiymətləndirmənin aparılması məqsədi və səbəblərindən asılı olaraq eyni bir vaxtda eyni müəssisə müxtəlif dəyərlərə malik ola bilər.

Biznesin qiymətləndirilməsi üzrə işin aparılması məqsədi və səbəblərinin müəyyənləşdirilməsi qiymətləndirmə prosedurunun həyata keçirilməsi variantının seçilməsi üçün əsas sayılır. Bu proseduru təhlil etməkdən ötrü xatırladaq ki, bazarda yalnız elə aktivlər alınır, hansı ki, onlardan istifadə gəlir (mənfəət) gətirir. Biznes dəyərinin adekvat standartlarını seçmək üçün belə əsas əlamətlə gəlirin formalaşması mənbələri çıxış edir. Məlum olduğu kimi, fəaliyyət göstərən müəssisədə gəlirin formalaşmasının iki mənbəyi mövcuddur: müəssisənin istehsal-təsərrüfat fəaliyyətindən alınan gəlir; müəssisənin aktivlərinin satışından alınan gəlir. Həmin maliyyələşmə mənbəylərinə biznesin aşağıdakı iki dəyəri uyğun gəlir.

Mövcud müəssisənin dəyəri. Bu dəyər gəlirin birinci mənbəyini əks etdirərək nəzərdə tutur ki, müəssisə fəaliyyətini davam etdirəcək və gəlir gətirəcək.

Müəssisənin aktivlərinin dəyəri. Bu dəyər gəlirin ikinci mənbəyini əks etdirərək nəzərdə tutur ki, müəssisə ləğv ediləcək, yəni müəssisə xərc ünsürlərinə görə qiymətləndiriləcək.

Beləliklə, qarşıda duran məqsəddən və konkret vəziyyətdən asılı olaraq biznesin dəyəri müxtəlif cür qiymətləndirilə bilər. Buna görə də müəssisənin (biznesin) dəyərini qiymətləndirmək üçün onun daşınan və daşınmaz əmlakının dəyərinin dəqiq müəyyənləşdirilməsi tələb olunur.  

AZN məzənnəsi
1 RUB  0.0296
1 EUR  2.0087
1 USD  1.7001
Development by Yusif